Hansı daha güclüdür?| SSRİ, Rusiya və ABŞ-ın peyk sistemlərindən istifadə - HƏRBİ ESKPERT (I Yazı)

2018/06/34543_1529585531.jpg
Oxunub: 5346     20:47     21 İyun 2018    
Sovet İttifaqında naviqasiya peyk sistemlərinin ilk nəsli "Parus" sistemi adlandırılırdı. Sistem, Hərbi Dəniz Donanmasının Elmi-Tədqiqat Şturman-Hidrografiya İnstitutunun (NİİQŞİ) bazasında hazırlanıb.

1955-ci ildə köhnə dəniz şturmanı Fufayev Vadim Alekseeviç naviqasiyanın əsas elementi kimi süni yer peyklərindən istifadə edilməsi haqqında çox orjinal ideya irəli sürdü. NİİQŞİ-nin rəhbərliyi altında koordinatların uzaqdan təyin edilməsi ilə məşğul olacaq təşəbbüs qrupu yaradıldı. V.P. Zakolodyajnı ikinci istiqamətdə Doppler üsulu ilə araşdırmaya, üçüncü qrup isə E.F. Suvorovun rəhbərliyi altında azimut koordinatlarını müəyyən etməyə cavabdeh təyin edildi.

1960-cı illərin əvvəllərində SSRİ-də ilk yerli aşağı orbitli qlobal naviqasiya peyk sisteminin təsviri işlənib hazırlandı. Layihədə, NİİŞQİ-dən başqa, Müdafiə Nazirliyinin Tədqiqat İnstitutunun əməkdaşları da fəal iştirak etdi. Sovet Donanmasının gəmiləri peyk naviqasiya sisteminin ilk "istifadəçiləri" olacaqdı. Lakin gözlənilmədən proqramın maliyyələşməsini kəskin şəkildə məhdudlaşdırdılar, sonra isə tamam dondurdular. "Qızardılmış xoruz" rolunda potensial düşmən düşərgəsində - ABŞ-da oxşar sistemin inkişafının son mərhələsi haqqında kəşfiyyat məlumatları yayıldı. 1963-cü ilə amerikalılar həqiqətən "Transit" peyk sistemini istismara verdilər, 1964-cü ilin yanvarın 15-də hökumət "Tsiklon" (bəzi mənbələrdə "Tsiklon B" qeyd olunur) adlı sovet analoqunu yaratmaq qərarına gəldi.

O vaxtdan etibarən təşəbbüs qruplarının yarı gizli işi rəsmi dövlət proqramı halına gətirildi. Sistemin əsas inkişaf etdiricisi OKB-10 idi, Mikhail Fedoroviç Reşetnev rəhbər təyin edildi, radio avadanlıqlarına Cihazqayırma Elmi Tədqiqat İnstitutu (NİİP) cavabdeh oldu. Layihənin eskizləri 1966-cı ilin iyulunda hazır oldu və eyni zamanda sınaq bazası kimi sualtı B-88, B-36 və B-73 gəmilərinə sahib "Nikolay Zubov" okeanoqrafiya gəmisi təyin edildi.


"Nikolay Zubov" gəmisi

İlk fəaliyyət göstərən kosmik naviqasiya aparatı 1967-ci ilin noyabrın 25-də Plesetsk poliqonundan buraxılan "Kosmos-192" (daşıyıcı raket Kosmos-3M idi) oldu.

Sonrakı "Kosmos-220" peyki 1968-ci ilin mayın 7-də, "Kosmos-292" (1969) və "Kosmos-332" (1970) də aşağı orbitə göndərildi. Sınaqlar 1970-ci ilin yayında başa çatdı və aşağıdakı dəqiqlik aşkar edildi: Doppler sistemi - 1,5 km, məsafəölçən sistemi - 1,8 km yayınma verirdi, kurs göstərici sistemi isə 3-4 dərəcə düzəliş tələb edirdi.


"Tsiklon" sistemli peykin modeli


"Parus" sisteminin kosmik aparatı

Peyklərin orbitinin hündürlüyü 1000 kilometr idi. Bu planetin ətrafında 105 dəqiqə ərzində dövr etməyə imkan verən tipik, aşağı orbitli sürətli peyklər idi. Dörd naviqasiya peykinin sınaqdan keçməsindən altı il sonra, sistem 1976-cı ilin sentyabrında "Parus" adı altında silahlanmaya qəbul edildi. Artıq gəminin koordinatlarını təyin etmək dəqiqliyi hərəkətdə olarkən 250 metrə, dayanacaqda və ya limanda isə təxminən 60 metrə bərabər idi. Sistem olduqca operativ idi. Koordinatları müəyyənləşdirmə vaxtı 6-15 dəqiqə tələb edirdi. Daxili inkişafın ABŞ "Tranzit" sistemindən əsas fərqi Hərbi Dəniz Donanmasının gəmilərinin və sualtı qayıqlarının komanda məntəqələri, həmçinin bir-biri ilə radiotelegraf əlaqəsi yarada bilmə imkanı idi. Əlaqə həm rabitəgörüntü şəraitində, həm də məlumatın bir abonentdən digərinə daşınması, yəni qlobal miqyasda məlumatın ötürülməsi şəraitində təmin edilirdi. Sonuncu halda, əlaqə gecikməsi 2-3 saat təşkil edirdi. Beləliklə bu dünyanın ilk naviqasiya, rabitə əlaqəli peyk sistemi olan "Parus"un yaradılmasına gətirib çıxardı. İlk dəfə, Dünya Okeanının hər hansı bir yerində havadan, günün və ilin vaxtından asılı olmayaraq obyektin koordinatları müəyyən etmək mümkün oldu. Bu sistem hələ də fəaliyyət göstərir.

1979-cu ildə mülki gəmilərə xidmət etmək üçün, hərbi naviqasiya avadanlıqlarından və kommunikasiya variantlarından məhrum edilən "Tsikada" sistemi istismara verildi. İki il bundan əvvəl isə peyk naviqasiya məlumatlarına əsaslanan "Arktika" buzqıran gəmisi dəniz gəmiləri arasında dünyada ilk dəfə Şimal qütbünə çatdı. "Tsikada" üçün dörd peykdən ibarət orbital qrup göndərildi, hərbi "Parus" isə aşağı orbitdə orta hesabla 6-7 peykə malik olurdu. "Tsikada"nın ciddi modernləşdirilməsi nəticəsində "COSPAS- SARSAT" xilasetmə sistemi yaradıldı.

1979-cu ilin noyabrın 23-də KOSPAS sisteminin (Qəzaya Uğrayan Gəmilərin Kosmik Axrarış Sistemi) yaradılmasına dair SSRİ, ABŞ, Kanada və Fransa hökumətlərarası saziş imzalandıqdan sonra SARSAT xilasetmə sistemi də peyda oldu. Sistem qəza təhlükəsi ilə qarşılaşan təyyarə və gəmilərin axtarılması üçün məsuliyyət daşıyırdı. Peyklərdən alınan məlumatlar Moskva, Novosibirsk, Arxangelsk, Vladivostok (SSRİ), San Fransisko, Sent Luis, Alyaska (Amerika Birləşmiş Ştatları), Ottava (Kanada), Tuluza (Fransa) və Tromso (Norveç) yerləşən məlumat qəbulu (Data) mərkəzinə ötürülürdü.

Yer səthi üzərində uçan hər peyk 6000 km diametrə malik dairəvi ərazidən siqnalları alırdı. Fövqəladə siqnalların etibarlı qəbul edilməsi üçün tələb olunan minimum peyk sayı dördə bərabər idi. O vaxtlar ABŞ və SSRİ istisna olmaqla, heç kim belə bir texnika hazırlaya bilmədiyi üçün KOSPAS-SARSAT orbital qruplaşmasını bu iki ölkənin peykləri təmin edirdi. Peyklər SOS siqnalını qəbul edirək onu yerüstü stansiyaya ötürürdülər. Yerdəki data mərkəzi koordinatları 3.5 km dəqiqliklə təyin edilirdi və bir saat ərzində xilasetmə əməliyyatına dair qərar verilirdi.


KOSPAS-SARSAT iş prinsipinin nümunəsi

1982-ci ilin sentyabrında "Nadejda" avadanlıqlı Sovet peyki qərbi Kanadadakı dağlarda qəzaya uğrayan yüngül mühərrikli təyyarədən qəza siqnalını qeyd etdi.

Nəticədə üç Kanada vətəndaşı evakuasiya edildi - beynəlxalq KOSPAS-SARSAT layihəsi ilk dəfə bu xilasetmə əməliyyatı ilə tarixə düşdü. Bu hadisə Soyuq müharibənin qızğın zamanında baş verirdi. 1983-cü ildə Reyqan rəsmən SSRİ-ni "Qəddar İmperiya" adlandırdı, lakin bu sistem hələ də fəaliyyət göstərir və artıq 4000 nəfəri də xilas edib.


Beynəlxalq KOSPAS-SARSAT sisteminin "Nadejda" aparatı

SSRİ-də yalnız "dəniz" üçün deyil, həm də "piyada"lı aviasiya üçün lazım olan orta orbitli naviqasiya sisteminin inkişafı zərurəti yaranması barədə ilk dəfə 1966-cı ildə danışmağa başladılar. Nəticədə 1969-cu ildə Y.İ. Maksyutanın rəhbərliyi altında aparılan "Proqnoz" elmi tədqiqat işi, yerin orta orbitinə naviqasiya peyklərinin qaldırılması imkanını müdafiə etdi. Çox sayda təşkilatların iştirakı ilə yaradılan bu layihə QLONASS kimi tanındı.

Sovet İttifaqının ilk QLONASS peyki 1983-cü il oktyabrın 12-də kosmosa buraxıldı, 1993-cü ildə isə artıq Rusiyada sistem qısaldılan variantda qəbul edildi. Və yalnız 1995-ci ildə QLONASS, 24 aparatdan ibarət tam heyətlə təmin edildi və naviqasiya 100% gücü ilə çalışmağa başladı.

Koordinat təyin edilməsi 15-25 metr, sürət komponentlərini müəyyən edilməsi (yeni seçimdir) 5-6,5 sm/s, zaman isə 0.25-0.5 mks dəqiqliklə təyin edilirdi.

Sonrakı 6 ildə orbital peyk qruplaşmasının sayı 5-ə qədər azaldı, Rusiyanın peyk naviqasiya sistemi tam məhv olmaq üçün hazır idi. İkinci doğum 2001-ci ilin avqust ayında, Rusiya hökumətinin "Qlobal Naviqasiya Sistemi" adlı proqramını qəbul edərkən baş verdi. Bu isə bir az fərqli bir hekayədir.

Yazı Yevgeni Fedorovun məlumatları əsasında hazırlanıb
Hərbi eskpert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SSRİ   Rusiya   ABŞ   Peyk-sistemləri  


Bizi "telegram"da izləyin